“Azərbaycanla səhiyyə və biotexnologiya sahəsində əməkdaşlığa hazırıq” – Kuba səfiri
Vüsal Tağıbəyli
Dünya ölkələri əsirinə çevrildikləri koronavirus pandemiyasından qurtulmaq üçün mübarizə aparır, çox böyük itkilər versələr də, bu dəhşətli bəladan xilas olacaqlarına inanırlar. Amma bir məsələ var ki, əhalisinin sayına, maddi-texniki-iqtisadi qüdrətindən asılı olaraq ölkələrin hamısı virusla mübarizədə eyni nəticəni əldə edə bilmirlər. Qəribədir ki, bu müstəvidə bütün bərabərsizliklərə rəğmən təsadüflər və ya möcüzələr biz insanları heyrətləndirir. Fikir verin: istədiyi ölkəyə sanksiyalar tətbiq edərək çökdürməyə çalışan ABŞ bu gün pandemiyanın mərkəzinə çevrilib, 2 milyondan artıq amerikalı virusa yoluxub, ölənlərin sayı isə 115 minə yaxınlaşır. Ancaq ABŞ-ın uzun illərdir sanksiyalar tətbiq edərək, mühasirədə saxladığı, inkişafına hər cür maneələr yaratdığı Kubada həm yoluxma sayır, həm də ölüm faktı çox aşağıdır. Üstəlik, virusa yoluxmuş təxminən 2,2 min insanın 90 faizə qədəri sağalıb evinə qayıdıb. Maraqlıdır, embarqolar şəraitində Kuba xalqı və dövləti belə böyük gücü necə əldə edib? Kubanın ölkəmizdəki Səfiri Alfredo Nieves Portuondo ilə söhbətləşərək bu suallara cavab almağa çalışdıq. Əziz oxucular, gəlin cənab səfirin dediklərini birlikdə oxuyub, öyrənək:
- Bütün dünya üçün, xüsusi ilə də soyqırım blokadası şəraitində yaşayan bir xalq üçün çətin olan bu aylarda ABŞ istənilən növ ticarətin həyata keçirilməsinə mane olmaqla yanaşı, Kubanın Vaşinqtondakı səfirliyinə edilən terror hücumunu ilə bağlı nə bir məlumat paylaşdı, nə də beynəlxalq hüquqda müəyyən olunmuş formada hərəkət etdi, əksinə, Kubanı terrorçuluqla mübarizədə əməkdaşlıq etməyən saxta xalqlarla bir sıraya qoydu. Venesueladan gələn yanacaq gəmilərini təqib etməklə artan kinini və qəzəbini göstərdi, bundan əlavə, mövcud və potensial sərmayəçilərə, habelə Kuba qurumlarına qarşı yeni sanksiyalar tətbiq etdi. Kubanın beynəlxalq əməkdaşlığına hücum edən ABŞ hökuməti hesab edir ki, 110 mindən çox vətəndaşının ölümü məqbuldur.
- Ümymdünya Səhiyyə Təşkilatının saytına baxıram, Kubanın pandemik vəziyyəti o qədər də qorxulu deyil: təxminən 2200 yoluxma sayı, 83 ölüm faktı... Bütün latın Amerikası və Şimali Amerika ölkələri ilə müqayisədə ən uğurlu vəziyyətdir. Necə qoruya bildiniz adanı ölümcül virusdan?
- Kubada 11 mart tarixində ilk yoluxma halları qeydə alınanda, Ümumdünya Səhiyyə Təşkilatının protokollarına və müsbət təcrübəsinə uyğun hazırlanmış Milli Tədbirlər Planı artıq tətbiq edilirdi. Bu plana davamlı riayət edilməsi adada epidemioloji nəzarəti gücləndirmək, erkən diaqnostikanı təmin etmək və yoluxanların vaxtında müalicə olunmasına imkan yaratdı. Onun tətbiqi ödənişsiz səhiyyə sistemi ilə dəstəklənir. Göstəricilərə əsasən hər 1000 nəfərə 9 həkim düşür ki, bu da əhalinin 100 faizinin əhatə olunması deməkdir. Bundan əlavə, xəstəliyin müalicəsi üçün effektiv olan interferon alfa 2B, monoklonal antikorlar, CIGB 258 peptid və Surfacen kimi yeni preparatların istehsal edildiyi tibbi-əczaçılıq və biotexnologiya sənayemiz mövcuddur. Bütün bu sadalananların sayəsində ölkəmiz üzləşdiyimiz pandemiyayla mübarizədə müsbət nəticələr əldə etməyə nail oldu. Ölkədə ümumilikdə 114 464 sayda test həyata keçirilib, bunlardan 2133-nün nəticəsi müsbət çıxıb. Hər təsdiqlənən yoluxma halında xəstənin ünsiyyətdə olduğu şəxsləri müəyyən etmək və onun yoluxma mənbəyini aşkarlamaq üçün daimi iş aparılır ki, indiyə kimi yoluxanların cəmi 2,9 faizində, yəni 62 nəfərdə, yoluxma mənbəyi müəyyən edilə bilinməyib. Bu, müxtəlif qruplar tərəfindən aparılan epidemioloji araşdırmaları daha da genişləndirmək üçün həyata keçirilən işin əsasını təşkil edir. Məhz bu, xəstəliyin otürülmə mexanizmini dayandırmağa imkan verir. Kubada COVİD-19-a yoluxması təsdiqlənən xəstələrin 87,1 faizi sağalıb. Baxmayaraq ki, rəqəmlər ümidvericidir, ölkəmiz pandemiyaya qarşı mübarizəni daha da gücləndirir. Digər tərəfdən, səhiyyə sistemi və kubalı alimlərin səyi nəticəsində xəstələrdə ağırlaşma hallarının sayının minimuma endirilməsinə imkan yaradır. Adada koronavirusa yoluxanların ölüm hallarının nisbəti 3,77 faiz təşkil edir və ardıcıl olaraq doqquz gündür ki, bu virusla bağlı heç bir ölüm faktı qeydə alınmayıb.
- Yoluxanların, hətta ölənlərin də, yaş həddinə əsasən təxmini statistika verə bilərsinizmi? Məsələn, konkret Kubada yoluxma daha çox hansı yaş həddində olanlar arasında daha çoxdur...
- Bütün əhalimizin təhlükəsizliyi təmin etmək üçün səylərimiz davam edir. Yoluxan xəstələrin əksəriyyəti 50 yaşından yuxarı olanlardır. Səhiyyə sisteminin nailiyyətləri, xəstələrə, xüsusən də ağır halda olanlara göstərilən tibbi xidmətdə tətbiq edilən protokollar, həmçinin alimlərin səyləri və bir qrup dərman preparatlarının birlikdə istifadəsi ilə müsbət nəticələr əldə edilir. Nə qədər mümkünsüz görünsə də, xəstələrdə ağırlaşmaların sayını azaltmağa müvəffəq olmuşuq. Ölkədə virusa yoluxan 2200 nəfərdən 1868-i artıq təhlükədə deyil. Bir sözlə, səhiyyə sistemi və hökumətimiz tərəfindən görülən tədbirlər və vaxtında atılan addımlar ölkəmizin COVİD-19-la mübarizədə müsbət nəticələr əldə etməsinə imkan verib.
- Hər kəsə gün kimi aydındır ki, Kuba dünyanın əsas dərman istehsalçılarındandır. Özü də ən ağır, başqa ölkələri çətin vəziyyətə salan xəstəliklərin müalicəsində istifadə edilən dərmanları istehsal edirsiniz. Maraqlıdır, dünyanı əsirə çevirən koronavirusa qarşı vaksin hazırlamaq yönümündə addımlar atırmı kubalı alimlər və atıbsa nələri müsal çəkə bilərsiniz?
- Kuba elmi və alimləri koronavirusla mübarizədə mühüm rol oynayır. Virusun müalicəsində istifadə edilən əsas dərman preparatlarından 17-si ölkədə istehsal olunur. Hazırda 70-dən çox tədqiqat və klinik sınaq həyata keçirilir. BioCubaFarma-nın bir qrup alimi epidemiyaya qarşı mübarizə aparmaq üçün plan hazırlayıb. Bu plana dərman preparatlarının təchizatı, yeni məhsulların hazırlanması üçün araşdırmaların aparılması və bu virusdan əziyyət çəkən digər ölkələrlə əməkdaşlıq fəaliyyəti daxildir. Yeni tətbiq edilən dərman preparatları virusla mübarizədə müsbət təsirini göstərən “Biomodulin t”, “Transfer Factor”, “cigb 258 peptid” və “Itolizumab”dır. Eyni zamanda, Kubada peyvəndin hazırlanması üçün fasiləsiz olaraq işlər davam edir. Bundan əlavə, tibbi maskalar, hidroalkolik gel və məhlulları, əllərin dezinfeksiyası üçün ozon və plasenta sabunları, fərdi mühafizə vasitələri, habelə süni ağciyər ventilyasiya aparatlarının istehsalı bu şirkət üçün hal-hazırda prioritet təşkil edir.
- Yuxarıda qeyd etdik ki, Kuba uzun illərdir sanksiyalar şəraitində yaşayır. Bu çətin pandemik dövrdə xarici ölkələrlə necə əlaqə saxlaya bilirsiniz, ümumiyyətlə, xarici ölkələrdən hansılar Kubaya dərman və sair formada dəstək olub koronavirusla mübarizədə, yaxud da Kuba hansı ölkəyə yardım göstərib? Birini mən deyim: Ekvadora 100-dək həkim və tibb bacılarından ibarət, üstəlik yanlarında da dərman və lazımi tibbi vasitələrlə birlikdə təyyarə göndərmisiniz...
- COVİD-19-un yaratdığı qlobal böhran qarşısında əməkdaşlıq və həmrəylik böyük əhəmiyyət kəsb edir. Xalqımızı qorumaq üçün məsuliyyət hissinə bir an belə laqeyd yanaşmadan, İnqilabımızın rəmzi olan həmrəylik hissindən uzaqlaşmamışıq. Hazırda Henry Reeve Contingent-in 2300-dən çox əməkdaşı ümumilikdə 26 tibbi briqadaya bölünərək bu xəstəliyə qarşı mübarizə aparmaq üçün 24 ölkədə fəaliyyət göstərir. Bundan başqa, 59 ölkədə fəaliyyət göstərən 28 mindən çox tibb işçisini də qeyd etmək lazımdır. Bu tibbi briqadaların fəaliyyətinin nəticəsi kimi bu günədək 61200-dən çox xəstə müalicə alıb. Kubalı tibb işçilərinin peşəkarlığını və nüfuzu bütün dünya tərəfindən tanınır. Nə Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən Kubaya qarşı tətbiq edilən və qəddarcasına sərtləşdirilən soyqırım blokadası, nə də bu ölkənin administrasiyasının Kubanın səhiyyə sahəsindəki beynəlxalq əməkdaşlığını nüfuzdan salmaq və ona əngəl törətmək üçün cəhdləri bu həmrəylik jestinə mane ola biləcək. Heç bir ölkə təkbaşına bu pandemiya ilə üzləşə bilməz, birlik, həmrəylik və çoxtərəfli əməkdaşlığa əsaslanan qlobal cavab tələb olunur. ABŞ tərəfindən blokadanın sərtləşməsi fonunda sağlamlığın zəmanəti üçün texnoloji suverenlik ən zəruri amil rolunu oynadı.
- Karantin dövründə Kubada qalan əcnəbilərin ölkələrinə göndərilməsi və ya xaricdəki kubalıların vətənə gətirilməsi prosesi necə gedib? Hazırda Kubada əcnəbilər qalıbmı və qalıbsa, aralarında virusa yoluxan olarsa, Kuba dövləti onları da öz vətəndaşları kimi müalicə edirmi?
- Kuba və digər ölkələrin hakimiyyət orqanları arasında aparılan uğurlu koordinasiya sayəsində Kuba vətəndaşlarının və eyni zamanda, Kubada və xarici ölkələrdə qalan əcnəbilərin də öz ölkələrinə geri qayıtmasına nail olundu. Bunun üçün bir çox hava yolu şirkətləri Havana və müxtəlif paytaxt şəhəri arasında çarter uçuşlarının təşkil edilməsi üçün hava gəmiləri ilə təmin etdilər. Bu, kömək üçün müraciət edən və xaricdə yerləşən konsulluqlarımız tərəfindən qeydə alınan yüzlərlə həmvətənimizin Kubaya geri qayıtmasına imkan yaratdı. Eyni zamanda, adanı ziyarətə gələn turistlər də öz ölkələrinə geri qayıtdılar. İndiyədək hökumətimiz və qarşı tərəflərin hökumətlərinin səyləri nəticəsində təşkil edilən humanitar uçuşlar vasitəsilə COVİD-19 ucbatından 35 ölkədə qalan 3500-dən çox kubalı vətəninə qayıda bilib.
- İndiki şəraitdə Kuba ilə Azərbaycan arasında əlaqələr necədir, ölkələrimiz bir-birinə konkret nəsə dəstək veribmi?
- Biz Azərbaycanla səhiyyə və biotexnologiya sahəsində əməkdaşlığa hazırıq. Ortaq cəhətlərimiz çoxdur. COVİD-19 sərhədləri tanımayan, ideologiya və ya inkişaf səviyyələri arasında fərq qoymayan qlobal bir çağırışdır. Bütün dünyada səhiyyə sistemlərini və epidemioloji hadisələrlə üzləşmək qabiliyyətini sınağa çəkib. Kuba və Azərbaycan birlikdə əməkdaşlıq edə bilərlər. Qoşulmama Ölkələri Hərəkatının hazırki sədri qismində Azərbaycan tərəfinin təşəbbüsü ilə çağırılan "COVID-ə qarşı Birlikdəyik" mövzulu Virtual Zirvə görüşündə Kuba prezidenti Migel Diaz-Kanel Bermudes də iştirak etmişdi. Dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatına dəstək, COVİD-19-la bağlı qəbul edilən və qlobal birlik, həmrəylik, beynəlxalq əməkdaşlığın təşviq olunduğu, siyasi fərqləri aradan qaldırmağa, Beynəlxalq Hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozan və Dövlətlərin pandemiyaya qarşı səmərəli şəkildə mübarizə aparmaq imkanlarını məhdudlaşdıran birtərəfli məcburedici sanksiyaları dayandırmağa səsləyən Bəyannamələrin qədul edilməsini dəstəkləyir.
- Kubanın ölkəmizdəki təmsilçisi olaraq, ölkəniz və şəxsiniz adından deyə bilərsinizmi, dünyada pandemiya vəziyyəti təxminən nə zaman başa çatacaq?
- Kuba Ümumdünya Səhiyyə Təşkilatına və ona üzv ölkələrə əməkdaşlıq etməyə, təcrübəsini bölüşməyə hazır olduğunu bir daha ifadə edir. Hesab edirəm ki, arxayınlaşmamaq və sanitar normalara riayət etmək indiki vaxtda çox zəruridir. COVİD-19 pandemiyasının bitəcəyi tarixə dair təxminlər səsləndirmək və hər hansı ümid vermək doğru olmazdı. Hadisələrə real yanaşmaq lazımdır. Hazırda, bu virusun nə vaxt yoxa çıxacağını heç kim deyə bilməz.